“Mən tələbələrimin qiymətlərini artırmağa çalışırdım” – İlham Əliyev
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinin 2013-cü il avqust buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunub.Həmin müsahibəni təqdim edirik:
Azərbaycan Prezidenti Administrasiyasının binası Bakının ən hündür nöqtələrindən birində yerləşir. Buradan şəhər buxtasında dalğalanan nəhəng dövlət bayrağı, alov dilləri formasında olan 3 göydələndən ibarət “Flame Towers” kompleksi, dənizkənarı bulvar gözəl görünür…
İlham Əliyev MDBMİ Məzunlarının Forumundan yenicə qayıtmışdır. O, Forumda böyük auditoriya qarşısında çıxış etmiş, sonra uzun illər görmədiyi tələbə dostları, müəllimləri, eləcə də seminar apardığı, zaçot götürdüyü keçmiş tələbələri ilə görüşmüşdür. Söhbətdən əvvəl “MGİMO Journal”ın Foruma həsr olunmuş xüsusi nömrəsini vərəqləyərkən o, tez-tez tanış simalara rast gəlib deyirdi: “Bu isə Medavoydur?! Onu yaxşı xatırlayıram. O, həmişə səliqəli, qədd-qamətli idi. Özü də indiyədək işləyir?! Afərin…”
– Yeri gəlmişkən, Siz oxuyan zaman MDBMİ-nin rektoru olmuş Nikolay İvanoviç Lebedev də əla formadadır. O, Forumun fəxri qonağıdır.
– Mən ona böyük hörmətlə yanaşıram və bu gün çıxışımda bu barədə dedim. Bir qədər əvvəl biz onunla iki saat birlikdə olduq, həmin vaxtları xatırlayırdıq. Nikolay İvanoviç ən xoş sözlərə layiqdir: döyüş yolu keçmiş, prinsipial, hər zaman ləyaqətini qoruyan əsl liderdir. Onun rəhbərliyi altında MDBMİ inkişaf edirdi, ölkənin aparıcı ali məktəbi idi! Anatoli Vasiliyeviç Torkunov bu ənənələri bərpa etdi. Mən bu haqda da Forumda dedim. Biz məzunlar fəxr edirik ki, MDBMİ nəinki Rusiyanın, hətta dünyanın aparıcı ali məktəblərindən biridir. Bir çox azərbaycanlı məzun sizə deyər ki, MDBMİ-də yiyələndikləri baza, aldıqları biliklər onlara bu günə qədər Azərbaycanda ən yüksək vəzifələrdə çox kömək edir.
– Prezident postundan daha məsuliyyətli vəzifə təsəvvür etmək çətindir. Bizim məzunun dövlət başçısı olması nadir situasiyadır. Ümumiyyətlə, azərbaycanlı məzunların MDBMİ ailəsində xüsusi yeri vardır: Sizin qızınız Leyla MDBMİ-nin Azərbaycan Klubunun prezidenti və MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədridir. Assosiasiyanın katibi Ruslan Əliyev isə universitetdə böyük perspektivləri olan ekologiya və təbiətdən istifadə kafedrasını yaratmış və ona başçılıq edir…
– Ona görə də MDBMİ-nin Forumunun Azərbaycanda keçməsi məntiqəuyğundur.
– Fürsətdən istifadə edib Azərbaycanın bizi çox gözəl qarşıladığına görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi kimi ən müasir binaları ilə hamımızı heyran qoyan Bakı haqqında ayrıca danışmaq lazımdır…
– Bəli bunlar Bakının yeni rəmzləridir. Onlar Bakının urbanizasiya prosesində meydana gəlmişdir. Düşünürəm ki, biz bir tərəfdən müasir arxitektura ideyalarına özünü ifadə etmək imkanı verməyə, eyni zamanda, keçmişi qoruyub saxlamağa müvəffəq olmuşuq. Müasir binalar şəhərin tarixi siması ilə ziddiyyət təşkil etməməlidir. Bizdə arxitektura yeniliklərini bu nöqteyi-nəzərdən qiymətləndirən ekspert qrupları fəaliyyət göstərir.
– “Alov qüllələri” heyrətamiz ideyadır! O necə yarandı? Read more ›